BAKI, 14 oktyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan ABŞ ilə birgə TRIPP layihəsi üzərində işləyir. Həmçinin Ermənistan və ABŞ TRIPP-in reallaşması istiqamətində birgə işlər həyata keçirir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri və Finlandiya XİN rəhbəri Elina Valtonen ilə birgə mətbuat konfransında məlumat verib.

“Dəmir yolunun Ermənistanın cənubundan (Mehridən) keçəcək hissəsi TRIPP adlandırılacaq və onun aydın adı və prinsipləri var. Bu prinsiplərə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, ölkələrin həmin infrastruktur üzərində hüquqları və əlbəttə, qarşılıqlı əməkdaşlıq daxildir. Son tam konsepsiyanı razılaşdırdıqdan sonra ictimaiyyətə açıqlayacağıq. Detallar hələ Ermənistan və ABŞ arasında razılaşdırılmalıdır”, - nazir bildirib.

Ararat Mirzoyan əlavə edib ki, TRIPP ilə bağlı hazırda yalnız yayınlanmış məlumatlar razılaşdırılıb. Xarici işlər naziri sözügedən marşrutla bağlı birgə Amerika-Ermənistan müəssisəsinin yaradılacağını da qeyd edib.

Xatırladaq ki, söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında açılacaq yoldan və ya Zəngəzur dəhlizindən gedir.