BAKI, 9 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Çeçenistanda vurulmasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus PUA-nın səmada olması ilə əlaqələndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Rusiya lideri AZAL təyyarəsi ilə bağlı faciə baş verən gün Rusiyanın sərhədi keçən üç Ukrayna pilotsuz uçuş aparatını izlədiyini iddia edib.
Həmçinin Vladimir Putinin iddiasına görə, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket birbaşa AZAL-ın təyyarəsinə dəyməyib, bir neçə metr aralıda partlayıb.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.
Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.