BAKI, 30 sentyabr. TELEQRAF
“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın Bakıya səfəri barədə məlumatları açıqlaya bilmərik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasından olan deputat Rüstəm Bakoyan jurnalistlərə deyib.
Jurnalistlər ondan Simonyanın Azərbaycanın paytaxtında kimlərlə görüşdüyü, məhbuslarla bağlı məsələnin müzakirə olunub-olunmaması barədə maraqlandırıb.
“Mən müəyyən məlumatları dərc etməkdən çəkinərdim. Lazım gələrsə, müvafiq qurumlar, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru açıqlama verəcək. Əgər hər hansı məlumatı dərc etsək, o informasiya istənilən prosesə zərər verə bilər, buna görə də icazə verin, bu barədə danışmayım. Müvafiq vaxtda müzakirə olunacaq”, - Bakoyan jurnalistlərə söyləyib.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-21-də Bakıda keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib.