TBİLİSİ, 30 sentyabr. TELEQRAF
Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 119 nəfərini Azərbaycan vətəndaşları təşkil edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin avqust ayı üzrə hesabatından məlum olur.
İyul ayı ilə müqayisədə vətəndaşlarımızın sayı 1 nəfər artıb.
Hesabata əsasən, onların 34-ü ittiham olunan, 85-i isə məhkumdur. Təqsirləndirilənlərin 31-i kişi, 3-ü qadın, məhkumların isə 70-i kişi, 15-i qadındır.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə aylıq müqayisədə 3 nəfər artaraq 57 olub. Onların 49-u kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.
Qonşu ölkədə həbs cəzası çəkən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 347 nəfərə bərabərdir. Probasiya nəzarətində olan əcnəbilərin ümumi sayı isə 569 nəfərdir.