TBİLİSİ, 25 sentyabr. TELEQRAF

“Gürcüstan strateji əhəmiyyətli Orta Dəhlizin Şərqlə Qərb arasında maksimum təhlükəsiz, etibarlı və sabit bağlantı olması üçün onun inkişafına əhəmiyyətli töhfə verir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə sıx münasibətlər, Avropa İttifaqı ilə mövcud sazişlər və Gürcüstanın Orta Dəhlizdə mühüm mövqeyi ölkənin həm regionda, həm də Avrasiyadakı rolunu xüsusi əhəmiyyətli edir.

“Orta Dəhlizin inkişafı çərçivəsində Gürcüstan dəmir yolu, dəniz və hava daşımalarının həcm və intensivliyinin artırılmasına yönəlmiş strateji əhəmiyyətli layihələr reallaşdırır”, - M.Kavelaşvili söyləyib.

Prezident qeyd edib ki, Gürcüstan coğrafi mövqeyi və praqmatik xarici siyasəti sayəsində ticarət və enerji daşıyıcılarının tranziti baxımından çoxfunksiyalı haba çevrilir.

“Biz beynəlxalq investorlarla fəal əməkdaşlıq edirik, infrastrukturu inkişaf etdiririk və enerji daşıyıcılarının tranziti üçün yeni marşrutların yaradılmasına töhfə veririk və son nəticədə Asiya və Avropa bazarlarının bağlılıq səviyyəsini artırırıq”, - o söyləyib.