BAKI, 18 sentyabr. TELEQRAF
“Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu gün dərc olunan qərarı erməni cəmiyyətinin illərdir söylədiklərini təsdiqlədi: 2008-ci il 1 mart hadisələri zamanı dövlət öz vətəndaşlarının yaşamaq hüququnu pozub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib.
Partiya sədri bildirib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini müəyyən edib:
“Bu hökm Ermənistan üçün həqiqətin bərpasıdır. Bəlli olur ki, dövlət nəinki vətəndaşların yaşamaq hüququnu pozub, həm də illər boyu həmin həqiqəti gizlətməyə çalışıb. Bu, təkcə hüquqi sənəd deyil: bu, hakimiyyəti saxlamaq üçün vətəndaşların qətlinə əl atan sistemə qarşı siyasi-mənəvi hökmdür.
Hansı ad altında və nə qədər gizlənməyə çalışsalar da, bu qərar birmənalı olaraq qətllərin siyasi qərarlarla şərtləndiyini göstərir. Həmin qərarların daşıyıcıları və sifarişçiləri Robert Köçəryan və Serj Sərkisyan olub. Onlar Konstitusiya quruluşunun pozulmasına və dövlətin zorakılıqla ələ keçirilməsinə görə məsuliyyət daşıyırlar”.
Babacanyan Köçəryan və Sərkisyanı “cəzasız qalmış cinayətkarlar” adlandırıb. Partiya rəhbəri Nikol Paşinyan hökumətini onlara qarşı sərt addımlar atmağa, bu cinayətkarları həbs etməyə çağırıb.
“Ermənistan diktaturanın kölgəsindən təmizlənməlidir. Köçəryanın, Sarkisyanın, onların siyasi irsinin artıq dövlətçiliyimizdə yeri yoxdur. Demokratiya müdafiə tələb edir və bu müdafiə məsuliyyətdən başlayır. Əmin olmalıyıq ki, bu ölkənin gələcəyi artıq cəzasızlıq və zorakılıq əsasında qurulmayacaq”, - Babacanyan vurğulayıb.
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün 1 mart hadisələri ilə bağlı “Fərmanyan Ermənistana qarşı” işi üzrə qərarını dərc edib. AİHM bu hadisələr zamanı o zamankı hakimiyyət tərəfindən bir sıra qanun pozuntularını qeydə alıb.
Məhkəmənin məlumatına görə, müəyyən edilib ki, zərərçəkmişlərdən 7-nin yaşamaq hüququ pozulub:
“Dövlətin istifadə etdiyi ölümcül güc hədsiz dərəcədə zəruri ola bilməzdi. Ölümlərə səhv planlaşdırılan əməliyyat, silahdan qeyri-adekvat istifadə, habelə ölümcül gücdən ehtiyatsız və qeyri-mütənasib istifadə səbəb olub.
Ölüm hallarının araşdırılması zamanı qanun pozuntularının olduğu müəyyən edilib. Dövlət qurbanların ölüm halları ilə bağlı səmərəli, qərəzsiz və hərtərəfli araşdırma apara bilməyib”.
Bundan başqa, bəlli olub ki, dövlət məhkəməyə lazımi məlumatların verilməsi üzrə öhdəliklərini yerinə yetirməyib.
Qərara əsasən, dövlət mənəvi ziyana görə təzminat kimi hər ərizədə zərərçəkmişlərin yaxınlarına 30 min avro ödəməlidir. Bundan əlavə, məhkəmə məhkəmə xərcləri və rüsumlar üçün ərizəçilərə ümumilikdə 35 000 avro təyin edilməsinə qərar verib.
Xatırladaq ki, 1 mart hadisələri İrəvanda 2008-ci ildə baş vermiş siyasi etirazlara aiddir. 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Köçəryanın namizədi Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi ilə Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb. Sərkisyanın adı da bu cinayət işində hallansa da, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib. Amma Paşinyan bu məsələdə onun da adını çəkib.