TBİLİSİ, 17 sentyabr. TELEQRAF
Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatında bir sıra mühüm layihələr reallaşdırıb. Bu, sübut edir ki, mehriban qonşuluq və dostluq münasibətləri vasitəsilə ölkələr yalnız özləri üçün deyil, daha geniş region üçün faydalı layihələr həyata keçirə bilərlər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin “Birinci kanalı”nın “Aktual mövzu” proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu regiona artıq Mərkəzi Asiya və Avropa ölkələri də daxildir.
“Həmin ölkələr üçün bölgəmizdə təhlükəsizlik və əməkdaşlıq vacb əhəmiyyət kəsb edir. Gürcüstan hökuməti ilk növbədə qonşu, daha sonra bütün regionun ölkələri ilə əlaqələri gücləndirməyə çalışır”, - XİN başçısı söyləyib.
M.Boçorişvili qonşu ölkələrlə münasibətlərin Gürcüstan üçün əsas prioritet olduğunu bildirib.
“Gürcüstanın üç qonşusu - Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı var. Hər üç ölkə ilə əlaqələr bizim üçün çox dəyərlidir”, - nazir vurğulayıb.