BAKI, 15 sentyabr. TELEQRAF
“Ermənistanın ərazi bütövlüyünün tanınması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz ardıcıl olaraq legitimliyə əsaslanan təhlükəsizlik strategiyasını həyata keçiririk. Məhz bu strategiya sülhü mümkün edib”, - o bildirib.
Paşinyanın sözlərinə görə, legitim təhlükəsizlik strategiyası 8 avqust 2025-ci il tarixində sülh sazişinin paraflanması və Vaşinqton sülh bəyannaməsi ilə daha da gücləndirilib:
“Bu sənəd lazımi səviyyədə qiymətləndirilmir. Mən belə hesab edirəm ki, bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkədə ratifikasiya olunmuş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir.
Və 2022-ci il oktyabrın 6-da Praqada çox mühüm söhbət oldu və biz məhz burada Almatı bəyannaməsini əsas götürdük və dönüş yarandı: Ermənistan və Azərbaycan Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bəyan etdilər”.
Ermənistan baş naziri əlavə edib ki, bu, onların bütün strategiyasını dəyişdirən dönüş nöqtəsi oldu.