BAKI, 8 sentyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında ABŞ-də sülh sazişi üzrə əldə olunmuş razılaşmalar barədə səsləndirilən müsbət mesajlar sənədin dərcindən sonra skeptik (şübhəli) qiymətləndirmələrlə əvəz olunub”.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O iddia edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı razılaşmalar 2020-2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş anlaşmalardan irəli gəlib.

“Onlar bunu ABŞ ərazisində bağlamaq qərarına gəliblər. Bu, qonşularımızın suveren hüququdur. Ancaq bunun necə işləyəcəyini görməliyik, çünki Vaşinqtondakı görüşdən sonra ilk bir neçə gündə eşidilən bütün müsbət mesajlar sənəd dərc edildikdən sonra skeptik qiymətləndirmələrə çevrilib. Göründüyü kimi, orada hər şey razılaşdırılmayıb”, - Lavrov bildirib.

Rusiya xarici işlər nazirinin “şübhəli qiymətləndirmələr” vurğusu ilə sözügedən razılaşmalarla bağlı Ermənistanın (Moskvaya bağlı) müxalif siyasi dairələrində gedən müzakirələrə eyham vurduğu güman edilir.