BAKI, 4 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Yaponiyaya rəsmisi səfəri çərçivəsində bu ölkədən olan həmkarı Siqeru İşiba ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir İşiba Nikol Paşinyanın Yaponiyaya səfərini alqışlayıb və bunun Ermənistan-Yaponiya münasibətlərinin ardıcıl inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi üçün yaxşı fürsət olduğunu vurğulayıb. O qeyd edib ki, Yaponiya Ermənistanla dostluq əlaqələrinin möhkəmləndirilməsinə və müxtəlif sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Həmçinin İşiba Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını alqışlayaraq, regionda uzunmüddətli və sabit sülhün təmin olunacağına ümid etdiyini bildirib.

Baş nazir Paşinyan səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Ermənistanın Ermənistan-Yaponiya əməkdaşlığına yeni təkan verməyə hazır olduğunu vurğulayıb.