BAKI, 2 sentyabr. TELEQRAF

“Əgər Ermənistanda hələ də Qarabağın yenidən alınmasından (işğalından) danışanlar varsa, o zaman bunun yolunu göstərsinlər. Buna cəhd üçün yalnız bir yol var: müharibə”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.

“Məsələn, “Daşnaksütyun” buna hazırdırmı? Bəlkə də Ermənistan vətəndaşlarının həyatı bahasına bu avantüraya getməyə hazırdır. Qarabağ məsələsini spekulyasiya predmetinə çevirənlər bir məqsəd güdürlər: Ermənistan vətəndaşlarını region ölkələri üçün qurbanlıq quzulara çevirmək”, - o bildirib.

Mkrtçyan Ermənistan müxalifətinin bu gün İrəvanda Qarabağda separatçı proseslərin başlanması ildönümü ilə əlaqədar elan etdiyi mitinqi də avantüra adlandıraraq, belə səylərin vəziyyəti gərginləşdirməyə xidmət etdiyini vurğulayıb. Ekspert bütün bunların başında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın durduğunu sözlərinə əlavə edərək, bunun mümkün nəticələri barədə xəbərdarlıq edib.

Ermənistan müxalifətinin Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmalara etiraz etdiyini qeyd edən Mkrtçyan söyləyib ki, onlar yenidən prosesin və Ermənistanın Rusiyanın nəzarətinə qaytarılmasına çalışırlar: “Həmçinin hökumətin əleyhdarlarının fikrincə, açıq sərhədlərdənsə, bağlı sərhədlərlə daha təhlükəsizdir. Türkiyə ilə açıq sərhəd Ermənistanın məzar daşı və sonudursa, o zaman Türkiyə niyə onu açmır?”.

Politoloq vurğulayıb ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlər və yolların açılmasına ehtiyacı var:

“Müxalifət yalnız bir şeyi istəyir: Ermənistanın vassal olmasını.

Müharibədən sonrakı emosiyaların təsiri altında Robert Köçəryan məhdud çərçivədə olsa da, öz siyasi meyitini faktora çevirə bildi. Robert Köçəryan və Serj Sərkisyan diqqəti cəlb etmək üçün bütün qeyri-standart hərəkətlərə əl ata bilərlər, məsələn, İrəvan küçələrində lüt gəzmək kimi. Ermənistan vətəndaşları nə baş verdiyini bilir, lazım olanda öz siyasi fikirlərini bildirəcəklər”.