BAKI, 23 avqust. TELEQRAF

Müxalif “Ana Ermənistan” Partiyası Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının müdafiəsi üçün etiraz aksiyası təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Aksiyanın təşkilatçısı, partiya sədri Andranik Tevanyan tərəfdarlarını baş verənlərə boyun əyməməyə çağırıb.

Tevanyan Nikol Paşinyan hökumətini Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa çalışmaqda ittiham edib. Partiya rəhbəri 102-ci bazanın ölkədə qalmalı olduğunu bildirib.

Tevanyan Ermənistan hakimiyyəti tərəfindən dəstəklənən qərbpərəst qüvvələrin bazanın çıxarılması üçün səfərbər olunduğunu iddia edib.

Polis aksiyanın Rusiya hərbi bazası yaxınlığında keçirilməsinə icazə verməyib, bu səbəbdən tədbir şəhərin ayrı istiqamətində təşkil olunub.

Hökumətə yaxınlığı ilə tanınan “Respublika Uğrunda” Partiyası və tərəfdarları da Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası yaxınlığında etiraz aksiyası keçirib.

Onlar Ermənistan hökumətindən Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını tələb ediblər.