BAKI, 21 avqust. TELEQRAF
“Artsax parlamenti” (ləğv edilmiş separatçı rejimə bağlı qondarma qurum – red.) adlı qurum mövcud deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan dünən İrəvanda fəaliyyət göstərən sözügedən qondarma qurumun Qarabağ erməniləri adından ATƏT-in iştirakçı dövlətlərinə müraciət etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Ermənistan münaqişəyə xidmət edə bilməz və Ermənistanın məqsədi bu dövlətin davamlılığı və bu torpaqda davamlı sülhdür. Ermənistanı münaqişələrdən çıxaracağıq, artıq onu münaqişələrdən çıxarmışıq. Burada daha müharibə olmayacaq, Ermənistan artıq münaqişələrin tərəfi olmayacaq, sülh olacaq, yollar açılacaq, iqtisadi inkişaf olacaq, köç olmayacaq. Bununla barışmalıyıq ki, müharibə olmayacaq, sülh olacaq, xalqımızı və dövlətimizi müxtəlif növ müharibələrə sürükləməyə heç kim nail ola bilməyəcək”, - nazir vurğulayıb.