BAKI, 12 avqust. TELEQRAF

“Ermənistanın sabiq prezidenti Robert Köçəryan və rəhbərlik etdiyi qrup sülhün düşmənidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Alxas Qazaryan deyib.

“Bir neçə günlük susqunluqdan sonra Köçəryanın qrupu, nəhayət, sülh prosesi haqqında danışdı. Gözlənildiyi kimi, bir daha aydın oldu ki, onlar sülhün düşmənidir. Bu, təsadüfi deyil, çünki sülhsevər, təhlükəsiz və stabil inkişaf edən Ermənistanda onlar özlərini siyasi olaraq kənarda görürlər və hakimiyyəti ələ keçirmək istəkləri puça çıxır”, - siyasətçi bildirib.

Xatırladaq ki, R.Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku (parlamentdə də təmsil olunur - red.) Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına etiraz edən bəyanat yayıb.

Rəsmi Bakı və İrəvan avqustun 11-də paraflanmış sazişin tam mətnini ictimaiyyətə təqdim edib.