TBİLİSİ, 11 avqust. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 63 bələdiyyə üzrə mer vəzifəsinə namizədlərini rəsmi şəkildə təqdim edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, partiyanın sədri, ölkənin Baş naziri İrakli Kobaxidze Marneuli meri vəzifəsinə Daur İsmayılovun namizədliyinin irəli sürüldüyünü bildirib.

Onun sözlərinə görə, D.İsmayılovun dövlət xidmətində çoxillik təcrübəsi və iş stajı var.

Qeyd edək ki, hakim partiya qonşu ölkədə azərbaycanlıların yığcam yaşadıqları digər rayonlar olan Qardabani, Dmanisi, Tsalka bələdiyyələrinin mer vəzifələrinə hazırkı merlərin - Davit Karqaretelinin, Koba Muradaşvilinin, İlya Sabadzenin namizədliklərini irəli sürüb. Bolnisi və Tetritskaro rayonlarının mer postlarına isə yeni namizədlər təqdim olunub.

***

16:45

TBİLİSİ, 11 avqust. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Marneuli meri vəzifəsinə Daur İsmayılovun namizədliyini irəli sürüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə D.İsmayılovun özü feysbuk səhifəsində məlumat verib.

“Göstərilən etimada görə partiyaya səmimi təşəkkürümü bildirirəm”, - o yazıb.

Soydaşımız Marneuli meri postu uğrunda mübarizəni “Gürcüstanda sülh! Marneulidə daha çox inkişaf!” şüarı ilə aparacaq.

Qeyd edək ki, 31 yaşlı D.İsmayılov Marneuli bələdiyyə məclisinin əməkdaşıdır. 2021-ci ildən Marneuli meri vəzifəsini Kənan Ömərov tutub.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-də keçiriləcək. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

“Gürcü Arzusu” iyulun 31-də seçki kampaniyasına start verib. Partiya Tbilisi meri və şəhər bələdiyyəsinin majoritar deputatları vəzifələrinə namizədlərini artıq rəsmən təqdim edib.