TBİLİSİ, 17 iyul. TELEQRAF

“Brüssel sovet Moskvasını xatırlatmamalıdır. Bizə bütün məsələlər üzrə arqumentlər lazımdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının tövsiyələrini jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan üçün ailə dəyərləri, yeniyetmələrin maraqlarının müdafiəsi və şəffaflıq haqqında qanunlar çox vacibdir.

“Bizim Brüsselə bütün bəndlər üzrə dəqiq cavabımız var. Məhkumlara gəlincə, onların hər biri konkret cinayət törədib. Qoy onlar bu barədə danışmağa başlasınlar. Bu və ya digər məsələ ilə bağlı hüquqi sualları varsa, bizə qarşı mehriban davransınlar. Təbii ki, belə suallar yoxdur. Yalnız boş siyasi ultimatumlar var ki, bu da təəssüf doğurur”, - İ.Kobaxidze söyləyib.

Qeyd edək ki, Avropa Komissiyası Gürcüstana səkkiz tövsiyənin yer aldığı məktub ünvanlayıb və onların yerinə yetirilməsi üçün son tarix avqust ayının sonu müyyən edilib. Tövsiyələr əsasən bir neçə qanunun ləğvi, viza siyasətinin Avropa İttifaqının (Aİ) viza siyasətinə uyğunlaşdırılması, LGBT üzvlərinin hüquqlarının tam qorunması ilə bağlıdır. Onların yerinə yetirilməyəcəyi halda Aİ və Gürcüstan arasında 2017-ci ilin martından qüvvədə olan vizasız rejimin dayandırılacağı gözlənilir.