TBİLİSİ, 2 iyul. TELEQRAF
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) müvafiq orqanlarına qeyri-qanuni miqrantların müəyyən edilməsi məqsədilə əcnəbinin yaşayış, iş və yaxud digər şəxsi mülkiyyətinə daxil olub yoxlama aparmaq səlahiyyəti verilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkə parlamenti "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" Qanuna düzəlişləri sonuncu – üçüncü oxunuşda 83 səslə qəbul edib.
Düzəlişlərə əsasən, polisə yeni səlahiyyət məhkəmə qərarı əsasında veriləcək. Mülkiyyətçi və yaxud işəgötürənin razılığı olacağı halda əcnəbinin yaşayış, iş yerinin yoxlanılması üçün hakimin qərarı tələb olunmayacaq.
Polis dindirilmə, şəxsiyyətin müəyyən edilməsi, səthi baxış və axtarış, habelə qanunla nəzərdə tutulmuş hallarda digər qətimkan və məcburiyyət tədbirləri tətbiq etmək hüququna malik olacaq.
Xarici ölkə vətəndaşının iş yerinin yoxlanılması zamanı polis əməkdaşı işəgötürəndən əcnəbinin Gürcüstanda işləməsi üçün hüquqi əsasın olduğunu təsdiqləyən sənədi tələb edə biləcək.
Qeyd edək ki, Gürcüstan parlamenti iyunun 27-də ölkənin miqrasiya siyasətini sərtləşdirən düzəlişlər layihəsini üçüncü oxunuşda qəbul edib. Düzəlişlərlə qeyri-qanuni miqrantların deportasiya proseduru sadələşdirilib, ölkədə qalma qaydalarının pozulmasına görə cərimələr artırılıb və sığınacaq üçün müraciətlərə baxılması müddəti azaldılıb.
2026-cı ilin martın 1-dən qüvvəyə minəcək digər yeni qaydalara əsasən isə əcnəbi iş üçün xüsusi icazə əldə etməli olacaq. Qanunu pozan əcnəbilərə cərimələr tətbiq ediləcək, işəgötürənlər üçün isə artırılacaq.