BAKI, 2 iyul. TELEQRAF

“Sankt-Peterburqda ümumi məbləği 46 milyon rubldan çox olan bir sıra dələduzluqlarda şübhəli bilinən tikinti şirkətinin 32 yaşlı baş direktorunu saxlayıblar”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Polisin iddiasına görə, Azərbaycan əsilli təqsirləndirilən şəxs yaşayış binalarının tikintisinə sərmayələrin cəlb edilməsi və sonradan icarəyə verilməsi adı ilə vətəndaşları aldadıb və pullarını mənimsəyib.

Eyni iddiaya əsasən, adı açıqlanmayan iş adamı ayrı-ayrı şəxslərdən ümumilikdə 46 milyon rubl ələ keçirib.

Qurumdan bildirilib ki, iş adamı Parqolovo kəndindəki şəxsi evində saxlanılıb. Axtarış zamanı həmin şəxsdən daşınmaz əmlaka dair sənədlər, mobil telefon, pul (rubl və xarici valyutada) götürülüb.

Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) ilə cinayət işi açılıb. Araşdırma davam edir.