TBİLİSİ, 27 iyun. TELEQRAF

Gürcüstanın müxalif siyasətçisi Givi Tarqamadze 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsində hökm oxunub.

Hökmlə müxalifətçinin iki il müddətinə vəzifə tutması da qadağan olunub.

G.Tarqamadze parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. O, hökmün elanında iştirak etməyib.

Qeyd edək ki, aprelin 3-də siyasətçi istintaq komissiyasının iclasına çağırılsa da, o, çağırışa getməkdən imtina edib. Məhkəmə ona qarşı 10 min lari məbləğində girov qətimkan tədbiri seçib.

Müxalifətçi girovu qanunla müəyyən edilmiş müddətdə ödəyib.

İstintaq komissiyası sabiq dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdırır. G.Tarqamadze vaxtilə M.Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri, 2004-2012-ci illərdə parlamentin üzvü olub.

Xatırladaq ki, son günlərdə Tbilisi məhkəməsinin qərarları ilə eyni ittiham irəli sürülmüş digər müxalifətçilər – “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Zurab Caparidze 7 ay, “Güclü Gürcüstan” koalisiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidze 8 ay, “Ağmaşenebeli strategiyası” partiyasının lideri Giorgi Vaşadze 7 ay müddətinə həbs cəzası alıblar.