BAKI, 26 iyun. TELEQRAF
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi müxalif “Müqəddəs mübarizə” adlı hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə din xadiminin vəkili Hovhannes Xudoyan deyib.
***
2025.06.25
17:18
Revanşist “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyana qarşı ittiham irəli sürülüb.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Sergey Arutyunyan bildirib.
B.Qalstanyan Ermənistan Cinayət Məcəlləsinin terrorizm və kütləvi iğtişaşların təşkili ilə bağlı 308 və 419-cu maddələri üzrə ittiham olunub.
Arutyunyan qeyd edib ki, İstintaq Komitəsində dindirilməsi başa çatan Qalstanyan məhkəməyə aparılacaq.
Vəkil onun barəsində həbs qərarının veriləcəyini bildirib.
***
16:35
Parlamentdəki “Ermənistan” fraksiyası ölkədə baş verənlərlə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, fraksiya Nikol Paşinyan hökumətini siyasi həbsləri dərhal dayandırmağa çağırıb.
Bəyanatda Baş nazir Nikol Paşinyan “terror və xəyanət”də ittiham olunub.
Fraksiya bəyanatda baş nazirin ünvanına təhdidlər də ünvanlayıb:
“Belə bir şəraitdə Ermənistan dövlətçiliyi üçün əsas təhlükə olan Ermənistanın hazırkı hakimiyyətinin bundan sonrakı hərəkətlərinin qarşısını almaq erməni xalqının borcudur.
Günün əsas vəzifəsi Ermənistanın son tiranlığının qarşısını almaq, onları aradan götürmək və məsuliyyətə cəlb etməkdir. Belə də olacaq. Tezliklə”.
Qeyd edək ki, “Ermənistan” blokunun lideri sabiq prezident Robert Köçəryandır.
***
16:21
Ermənistan Baş naziri Nikol Paşinyan sosial mediada dövlət çevrilişində ittiham olunan “Müqəddəs Mübarizə” Hərəkatına aid ələ keçirilmiş silah-sursatın fotosunu paylaşıb.
Teleqraf xəbər verir ki, o, paylaşımında bunları “Müqəddəs Atanın iş alətləri” adlandırıb.
N.Paşinyan fotonun üzərində qeyd edib: “Müqəddəs Atanın iş alətləri”.
Qeyd edək ki, bundan əvvəl arxeyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə”nin lider və iştirakçılarının mənzillərindən odlu silah, döyüş sursatı, pilotsuz uçan aparatlar və digər vasitələr aşkar edilib.

***
16:10
“Ermənistan hakimiyyətinin növbəti, daha ciddi hədəfi Erməni Apostol Kilsəsi olacaq”.
Teleqraf xəbər verir ki, bunu dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılan “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyanın vəkili Sergey Arutyunyan deyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan İstintaq Komitəsi 90-dan çox ünvanda axtarış apardığını və 14 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılanlar arasında arxiyepiskop Baqrat Qalstanyan da var.
Saxlanılanlar dövlət çevrilişinə cəhddə ittiham olunur.
Ermənistan Baş naziri Nikol Paşinyan onların bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə hərəkət etdiklərini bəyan edib.
Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan baş verənlərdən sonra II Qaregini dövlətin təhlükəsizliyinə təhdid alandırıb.
***
15:19
“Müqəddəs Mübarizə” Hərəkatının liderləri və tərəfdarları tərəfindən terrorizm və hakimiyyətin qəsb edilməsinə hazırlıq işi üzrə başlanmış cinayət işi çərçivəsində Ermənistan İstintaq Komitəsi, Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi 90-dan çox ünvanda axtarış aparıb.
Teleqraf xəbər verir ki, axtarışlar zamanı ittihamları təsdiqləyən sənədlərlə yanaşı, odlu silahlar və döyüş sursatları, tədbirlər planı, işə götürülən şəxslərin siyahıları, hərbi texnikalar, radiorabitə vasitələri, PUA-lar, hakimiyyətin zorla ələ keçirilməsindən sonra dəstənin həyata keçirəcəyi əməllərin müfəssəl planlaşdırılması, ardıcıllığı, xronologiyası və digər vasitələr tapılıb.
Müstəntiqin vəsatəti əsasında 16 nəfər barəsində cinayət işinin açılması barədə qərar qəbul olunub.
Hazırda müstəntiqin qərarı ilə 14 nəfər saxlanılıb.
Ermənistan İstintaq Komitəsi cinayət prosesinin sonrakı gedişi ilə bağlı əlavə məlumat verəcək.
İstintaq davam edir.
***
15:09
İyunun 25-də Ermənistanda dövlət çevrilişində cəhd ittihamı ilə evlərində aparılan axtarışlardan sonra saxlanılanların ilkin siyahısı ortaya çıxıb.
Teleqraf xəbər verir ki, bura “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyandan başqa daha yeddi nəfər daxildir.
Onlar ləğv edilmiş separatçı rejimin “deputat”ı Davit Qalstyan, istefada olan polkovnik Mihran Maqsudyan, “Daşnaksütyun” Partiyasının Ali Şurasının üzvü İqor Sərkisyan, iş adamı Tiqran Qalstyan, fəal Ara Rustamyan və din adamları Hrayr və Movsesdir.
Yerli KİV-in məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti ləğv edilmiş separatçı rejimin “parlamentinin spikeri” Aşot Danielyanın evinə də basqın edib.
Qeyd edək ki, səhər saatlarından etibarən “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarları və “Daşnaksütyun” partiyasının üzvlərinin axtarışları və saxlanılması davam edir. 20-yə yaxın şəxsin evində axtarış aparıldığı bildirilir. Bu fonunda İstintaq Komitəsi Baqrat Qalstanyanın hakimiyyəti qəsb etmək cəhdi və ölkədə sabitliyi pozmaq üçün cinayətkar dəstələr yaratması barədə bəyanat yayıb.
***
14:10
Ermənistanda hakimiyyət çevrilişinə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanın həbsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Sergey Arutyunyan məlumat verib.
“Hazırda İstintaq Komitəsindəyik, istintaq gedir. Yaxın vaxtlarda arxiyepiskop barəsində həbs qərarı veriləcək. O, bütün bunları siyasi təqib hesab etdiyi üçün heç bir ifadə verməyib. Başa düşdüyüm kimi, təkcə ona qarşı həbs qərarı verilməyəcək, amma hələlik dəqiq məlumat verə bilmərəm”, - vəkil bildirib.
***
13:49
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanda dövlət çevrilişi ilə bağlı bəyanatlarına reaksiya verib.
Teleqraf xəbər verir ki, o, bunu “ölkənin daxili işi” adlandırıb.
“Paşinyan Ermənistanda dövlət çevrilişi cəhdinin qarşısının alınması ilə bağlı bəyanatı İrəvanın daxili işidir. Moskva İrəvanda qanunların qorunmasında və Ermənistanın firavan, Rusiya ilə dost ölkə olmasında maraqlıdır”, - Peskov vurğulayıb.
***
13:36
Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Sergey Arutyunyan jurnalistlərə bildirib.
“Hesab edirəm ki, onlar həbs qərarı verəcəklər, polis və Milli Təhlükəsizlik Xidmətinin hesabatından belə görünür”, - vəkil deyib.
Baqrat Qalstanyanla yanaşı, digər din adamları Hrayr Sarkavaq və Movses də saxlanılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Sünikin keçmiş qubernatoru, deputat Vahe Akopyan və onun həyat yoldaşı, “Para” TV-nin direktoru Elizabet Petrosyanın evində axtarış aparır. Onların mobil telefonları müsadirə edilib.
Ermənistan KİV Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Mihran Maqsudyanın saxlanılması barədə də məlumat yayıb. Polkovnikin evində axtarış aparıldıqdan sonra saxlanıldığı bildirilib.
***
12:31
Ermənistan Baş naziri Nikol Paşinyan dövlət çevrilişində ittiham olunan “Müqəddəs Mübarizə” Hərəkatı ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Müqəddəs Mübarizə” Ermənistanın dövlət idarə sistemini necə iflic edirdi? Təbii ki, Ktriçin (bütün ermənilərin katolikosu II Qareginin) xeyir-duası və dəstəyi ilə”, - baş nazir qeyd edib.
***
12:26
Dövlət çevrilişində ittiham olunan “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan hüquq-mühafizə orqanlarının üzü maskalı əməkdaşlarının müşayiəti ilə iqamətgahını tərk edib və avtomobilinə minərək oradan uzaqlaşıblar.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları B.Qalstanyanın iqamətgahından çoxlu sayda sənəd götürüblər.
***
12:14
Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi ölkədə hakimiyyəti ələ keçirməyə cəhd edən “Müqəddəs Mübarizə” Hərəkatı liderlərinin səsyazılarını dərc edib.
Teleqraf səsyazılarında hərəkat liderləri və iştirakçılarının ölkədə hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarına hazırlaşmaları və bu çərçivədə olan digər planları barədə faktlar yer alıb.
***
11:54
Ləğv edilmiş separatçı rejimin “deputat”ı Davit Qalstyan və dövlət çevrilişinə cəhddə ittiham olunan “Müqəddəs Mübarizə” Hərəkatına dəstək verən bir neçə separatçı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Saxlanılanlar arasında “Daşnaksütyun” Partiyasının Ali Şurasının üzvü İqor Sərkisyan və digər partiya təmsilçiləri də var.
***
11:16
Hazırda Eçmiədzində müxalifətçilərin mənzillərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən axtarışlar aparılır.
Teleqraf xəbər verir ki, barədə “Eçmiədzin” blokunun rəhbəri Sevak Xaçaturyan məlumat verib.
Blokun üzvləri Edqar Tamazyan, Artur Makaryan, Arsen Qazaryan və Armen Aleksanyanın saxlanıldığı bildirilib.
***
11:03
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Müqəddəs Mübarizə” hərəkatının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında axtarış aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Axtarışlara MTX-nin xüsusi təyinatlılarının cəlb olunduğu bildirilib.
Həmçinin MTX-nin əməkdaşları rəhbəri sabiq prezident Robert Köçəryan olan “Ermənistan” blokundan olan deputat Artur Sərkisyanın evində də axtarış aparırlar.
Axtarışların Ermənistan Baş naziri Nikol Paşinyanın daxili dini-siyasi qüvvələrin dövlət çevrilişinə cəhd ittihamları əsasında aparıldığı bildirilir.
***
10:57
Hazırda Ermənistanın müxalif “Daşnaksütyun” Partiyasının Ali Şurasının üzvlərinin evlərində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılır.
Teleqraf xəbər verir ki, bu barədə sözügedən partiya məlumat yayıb.
“Hazırda “Daşnaksütyun”un Ali Şurasının üzvü İqor Sarkisyanın, partiyanın Abovyan komitəsinin üzvü Vardan Avaqyanın, Hrazdan komitəsinin üzvü Artaşes Hunanyanın və Noyemberyan komitəsinin üzvü Varazdat Amiraqyanın mənzillərində axtarışlar aparılır. Axtarışların gedişi və yeni məlumatlar haqqında əlavə məlumat verəcəyik”, - açıqlamada deyilir.
Axtarışların Ermənistan Baş naziri Nikol Paşinyanın daxili dini-siyasi qüvvələrin dövlət çevrilişinə cəhd ittihamları əsasında aparıldığı bildirilir.
**
10:48
Hazırda müxalif “Ermənistan Birliyi” Partiyasının üzvlərinin evlərində hüquq mühafizə orqanları tərəfindən axtarışlar aparılır.
Teleqraf xəbər verir ki, bu barədə sözügedən partiya bəyanat yayıb.
Axtarışların Ermənistan Baş naziri Nikol Paşinyanın daxili dini-siyasi qüvvələrin dövlət çevrilişinə cəhd ittihamları əsasında aparıldığı bildirilir.
***
10:20
Ermənistan Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal-oliqarx din xadimlərinin Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üzrə genişmiqyaslı və bədnam planını alt-üst ediblər”, – Paşinyan qeyd edib.
***
10:16
Səhər tezdən Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının üzvləri və tərəfdarlarının evlərində axtarışlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs Mübarizə” tərəfdarlarını təqib etməkdə davam edir. Bu gün səhər tezdən onlar “Müqəddəs Mübarizə” tərəfdarlarının evlərində axtarış aparmağa başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskopun iqamətgahında da əməliyyat keçirirlər”, - məlumatda deyilir.
Məlumata görə, hərəkatın mətbuat katibi Lidiya Mantaşyanın və eyni vaxtda təxminən 30 hərəkat üzvünün evlərində axtarışlar başlayıb.
Bildirilir ki, “Müqəddəs Mübarizə”nin iştirakçıları və rəhbərləri Ermənistanda terror aktları planlaşdırıblar. Qeyd olunur ki, bu məqsədə çatmaq üçün B.Qalstanyan bir sıra hərəkat iştirakçıları ilə birlikdə terror törətmək və hakimiyyəti ələ keçirmək üçün minlərlə partlayıcı material və qurğular əldə ediblər.
Ermənistan İstintaq Komitəsi Ermənistan Baş naziri Nikol Paşinyanın ölkədə dövlət çevrilişi hazırlamaqla bağlı dərc etdiyi məlumat əsasında cinayət işinin başlanması imkanını nəzərdən keçirir.