
TBİLİSİ, 23 iyun. TELEQRAF
Gürcüstanda xarici ölkə vətəndaşlarının işə qəbulu şərtləri sərtləşdiriləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, “Əmək miqrasiyası haqqında” Qanuna ediləcək düzəlişlərə əsasən əcnəbinin işə düzəlməsi üçün icazə tələb olunacaq.
“Əcnəbilərin işə qəbulu üçün icazəni Səhiyyə Nazirliyi təqdim edəcək. Nazirlik bu və ya digər peşənin nə qədər defisitli və yaxud tələbatın həddən artıq olduğunu müəyyən edəcək. Bu həm Gürcüstan vətəndaşlarının işlə təminatını asanlaşdıracaq, həm də əmək bazarında mövcud cağırışları müəyyən etməyə imkan verəcək”, - M.Mdinaradze söyləyib.
O qeyd edib ki, yeni qaydaların pozulmasına görə cərimə yalnız əcnəbiyə deyil, işəgötürənə də tətbiq olunacaq.
Qeyd edək ki, yeni qaydaların 2026-cı ilin martın 1-dən qüvvəyə minəcəyi gözlənilir.