BAKI, 5 iyun. TELEQRAF
“Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan rüşvətxordur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Robert Köçəryanın rüşvətxor olduğunu biz müəyyən etməmişik, bu, məhkəmənin iclasında qeydə alınıb. Ermənistanın məhkəmə sistemi rəsmi olaraq Ermənistan Respublikasının ikinci prezidenti vəzifəsini tutan şəxsin rüşvətxor olduğunu qeydə alıb. Həmin adamın özü gedib deyib ki, ona qarşı rüşvət işi üzrə müddətli məhdudiyyət tətbiq olunmalıdır. Bu, rüşvətxor olduğunun özü tərəfindən etirafıdır”, - baş nazir bildirib.
Paşinyan əlavə edib ki, bundan sonra nə vaxt çıxış edib, sabiq prezidentin adı hallananda “Robert Köçəryan rüşvətxordur” deyəcək: “Bundan sonra mən çıxış edəndə və Robert Köçəryanın adı çəkiləndə deyəcəm: Robert Köçəryan rüşvətxordur”.
Ermənistan hökumətinin başçısı sabiq xarici işlər naziri Vardan Oskanyan və həyat yoldaşını da korrupsiyada ittiham edib:
“Keçmiş hakimiyyətlərin nümayəndələri artıq quldur, əclaf, dələduz, fırıldaqçı olmadıqlarını sübut etməyə belə çalışmırlar. Göstərmək istəyirlər ki, biz də talançı və rüşvətxoruq. Amma buna nail olmayacaqlar”.
Nikol Paşinyan buna misal olaraq, Oskanyan və həyat yoldaşının Dilicanda bir uşaq bağçasını mənimsəməsini, Köçəryan ailəsinin Yunanıstanda ada satın almasını göstərib.