TBİLİSİ, 5 iyun. TELEQRAF
“Biz nəinki Gürcüstanda sülhü qoruyub saxlayırıq, həm də ölkəmiz üçün mühüm olan regionda sülhü dəstəkləyirik. Gürcüstan bölgədə sülhün inkişafında və buna uyğun olaraq davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində həmişə müsbət rol oynayıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi Regional Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, son illərdə böyük təzyiqə baxmayaraq, Gürcüstan hökuməti ölkədə sülhü qoruyub saxlamağa nail olub.
“Gürcüstan son 35 ildə 4 müxtəlif müharibə yaşayan ölkədir. Buna görə də ölkəmiz sülhün dəyərini hamıdan yaxşı dərk edir. Biz Gürcüstanda sülhün möhkəmləndirilməsi üçün əlimizdən gələni edirik və ən əsası odur ki, bunu kifayət qədər yaxşı edirik”, - İ.Kobaxidze söyləyib.
Baş nazir Gürcüstan üçün müxtəlif ölkələrlə, xüsusən də regiondakı qonşu ölkələrlə əməkdaşlığın çox vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, builki Tbilisi Regional Forumu “Dayanıqlı sosial-iqtisadi inkişaf üçün sülhün rolu” mövzusuna həsr olunub.