TBİLİSİ, 5 iyun. TELEQRAF
Ötən gün axşam saatlarında Gürcüstanın Marneuli rayonunun mərkəzində baş vermiş silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılan 2003-cü il təvəllüdlü şəxs sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə, 2005-ci il təvəllüdlü şəxs isə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə ittiham olunur. Bu cinayət əməlləri 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, iyunun 4-də Marneuli şəhərində keçmiş münaqişə zəminində yaranmış mübahisə nəticəsində saxlanılan şəxslərdən biri odlu silahdan 1998-ci il təvəllüdlü V.Q. adlı şəxsə atəş açıb, bundan sonra digər saxlanılan şəxslə birlikdə qaçmağa cəhd edib. Onların hər ikisini polis əməkdaşları şübhəli şəxs qismində saxlayıb, odlu silah maddi sübut kimi götürülüb.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib, ona müvafiq tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma davam etdirilir.