TBİLİSİ, 4 iyun. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin nümayəndə heyəti ilə görüş keçirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə parlamentdən bildirilib.
Spiker Azərbaycan tərəfinə BMT Baş Assambleyasında “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamənin dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Görüşdə Gürcüstan və Azərbaycan arasında intensiv münasibətlər müsbət qiymətləndirilib.
Tərəflər həm qanunverici orqan sədrləri, həm də komitələr və dostluq qrupları arasında səmərəli parlament əməkdaşlığını qeyd ediblər, qarşılıqlı səfərlərin müsbət dinamikasını da vurğulayıblar.
İki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyinə və bu istiqamətdə nəzərdə tutulan tədbirlərin əhəmiyyətinə də diqqət çəkilib və bu baxımdan təhsil komitələrinin mühüm rolu qeyd edilib.
Görüşdə Gürcüstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri, Təhsil, elm və gənclərlə iş komitəsinin sədri Givi Mikanadze və İdman komitəsinin sədri Viktor Sanikidze də iştirak ediblər.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev ötən gündən Gürcüstanda səfərdədirlər.
