TBİLİSİ, 4 iyun. TELEQRAF

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində Gürcüstan və 63 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni rekord sayda – 107 ölkə dəstəkləyib, 9 ölkə əleyhinə səs verib, 49 ölkə isə bitərəf qalıb.

Azərbaycan Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələr arasında yer alıb.

Qətnamədə Gürcüstanın Rusiyanın işğal etdiyi bölgələrində baş verən zorakı demoqrafik dəyişiklikləri qınanılıb, etnik mənsubiyyətindən asılı olmayaraq məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmaq hüququ təsdiqlənib və onların hüquqlarına hörmətlə yanaşılmanın və qorunmasının zəruriliyi qeyd edilib.

Gürcüstanın XİN başçısı Maka Boçorişvili qətnamənin həmmüəllifləri olan və sənədi dəstəkləyən bütün dövlətlərə “X” hesabında təşəkkür edib. O, qətnamənin qəbulunu işğalın gələcəyinin olmayacağına dair aydın mesaj adlandırıb.

Qeyd edək ki, Gürcüstan adıçəkilən qətnaməni 2008-ci ildən etibarən BMT Baş Assambleyasına təqdim edir. Həmin ildən etibarən Azərbaycan sənədin lehinə səs verərək Gürcüstana davamlı dəstəyini göstərir.