BAKI, 3 iyun. TELEQRAF

Dünən Gorusda Fransanın fəxri konsulluğu açılıb. Ermənistan hakimiyyəti fəxri konsulluğun açılmasını az qala kosmik miqyaslı hadisə kimi təqdim etsə də, baş konsulluq əvəzinə fəxri konsulluğun açılması geriyə addımdır.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Fransanın niyə Qərbi Zəngəzurda baş konsulluq əvəzinə daha aşağı statuslu ofis açmasına gəlincə, erməni nəşri Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin açıqlamasına diqqət çəkib:

“Dekotini məsələni şəxsən özü qaldırıb və özü də cavab verib: “Niyə konsulluq deyil? Çünki Sünikdə (Qərbi Zəngəzur) konsulluq açmaq üçün kifayət qədər fransız yaşamır, amma bu, konsulluqdan da artıqdır, çünki fəxri konsulluğun da öz fəaliyyətləri var”.

Fransa səfirinin bəyanatı sadəcə erməni tərəfini sakitləşdirmək cəhdidir. Qeyd edək ki, Sünikdə iranlılar yaşamır, amma Tehran 2022-ci ildə burada baş konsulluq açıb. Rusiya da üç ilə yaxındır Qafanda baş konsulluq açmaq istəyir. Erməni tərəfi icazə verməkdə maraqlı deyil, yayınmaqda davam edir. Hətta Moskva konsulluğun açılmasına icazə üçün artıq açıq tələblər qoyub, amma İrəvan xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra da Moskvaya dəqiq cavab verməyib. Bu da sübut edir ki, erməni tərəfi Rusiya ilə deyil, iranlılar və ya fransızlarla işləməyə üstünlük verir”.

Erməni analitiklər Fransa, Rusiya və İranın bölgəyə artan marağını Zəngəzur dəhlizi ilə əlaqələndirirlər. Ekspertlərə görə, Rusiya və Fransanın marağı gələcəkdə açılacaq dəhlizə nəzarət etmək məqsədi ilə bağlıdırsa, İran bu xəttin açılmasına mane olmağa çalışır. Amma Tehran artıq buna mane ola bilməyəcəyini anladığından ən azı porsesə yaxın olmaq istəyir. Hələlik İrəvan Moskvanı oyundan kənarda saxlamağa çalışır. Bölgədə artan rəqabətin gərginliyə yol aça biləcəyi proqnozlaşdırılır.