BAKI, 29 may. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Armen Xaçaturyan Rusiyanın Qafanda (Qərbi Zəngəzur) konsulluğunun açılması məsələsinin yubanmasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Xaçaturyan bildirib ki, hazırda Rusiya konsulluğunun açılması ilə bağlı yeni heç nə yoxdur. Deputat Ermənistan tərəfinin buna əngəl olduğuna inanmadığını deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda İrəvana səfəri zamanı erməni həmkarı Ararat Mirzoyanla bu məsələni müzakirə etməsi ilə bağlı fikirlərə deputat belə cavab verib: “Madam ki, biz bunu müzakirə etmişik, demək, açılacaq. Niyə düşünürsünüz ki, Ermənistan hakimiyyəti hansısa əngəllər yaradır?”

Jurnalist xatırladıb ki, proses artıq üç ildir nəticəsiz şəkildə davam edir. Cavabında deputat deyib ki, bu, Rusiyanın problemidir. Xaçaturyan əlavə edib ki, Fransa konsulluğunun açılması prosesi də 2-3 ildir gedir.

“Bu söhbətlər 2022-ci ildən başlayıb. O vaxtdan bəri Fransa konsulluğunun açılması məsələsi ilə bağlı danışıqlar və müzakirələr aparılır. Bu, çox vacibdir və ümumi atmosferə müsbət təsir göstərəcək”, - deputat qeyd edib.

Xaçaturyan əlavə edib ki, iyunun 2-də Gorusda Fransa konsulluğunun açılışı olacaq.

Qeyd edək ki, Ermənistan KİV bundan əvvəl Sergey Lavrovun 20-21 may tarixlərində İrəvanda olarkən bu barədə məsələni Ararat Mirzoyanla razılaşdıra bilmədiyi barədə məlumat yaymışdı. Erməni mənbələrinə görə, Fransanın eyni istəyinə tez və müsbət cavab verən Nikol Paşinyan hökuməti üç ildir Rusiyanı yola verir.