BAKI, 29 may. TELEQRAF

Xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərində Sünikdə (Qərbi Zəngəzur) Rusiya konsulluğunun açılması məsələsi həllini tapmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Hökumətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Sergey Lavrovun səfəri Sünikdə Rusiya konsulluğunun açılması məsələsini həll etməyib. Rusiya tərəfi 2023-cü ildən bəri Sünikdə konsulluq açmağa çalışır. Bu arada, artıq İranın 2022-ci ildən etibarən Qafanda konsulluğu fəaliyyət göstərir, yaxın günlərdə (iyunun 1-də) orada Fransa konsulluğu da açılacaq.

Rusiya may ayının sonuna kimi konkret razılaşmanın olacağını bildirsə də, mənbələrimiz Ermənistan hökumətinin konsulluğun açılmasının qarşısını almaq üçün hər şeyi edəcəyini bildirir.

Dünən hakim partiyanın Qafandakı deputatı Marina Qazaryan açılışın niyə yubanması ilə bağlı sualımıza absurd cavab verib: “Məsələ şəhər merindən asılıdır, ərazi məsələsi həll olunmayıb, konsulluq üçün ərazi axtarırlar, gecikməyə səbəb də budur”, - erməni nəşri bildirib.