BAKI, 27 may. TELEQRAF

“Rusiyalı həmkarımla bugünkü görüşümdə Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə etmişik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi brifinqdə deyib.

“Bütün dünyada dinc əhalinin əzablarını yüngülləşdirməyi öz vəzifəmiz kimi görürük. Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşümdə digər beynəlxalq və regional məsələlərlə yanaşı, ortaq coğrafiya olan Cənubi Qafqazı da müzakirə etdik. Bir daha bildirmək istəyirəm ki, Cənubi Qafqazda (Ermənistan və Azərbaycan arasında) sülh prosesini dəstəkləyirik”, - xarici işlər naziri qeyd edib.

Hakan Fidan vurğulayıb ki, Azərbaycan bölgədə sülhün təmin olunması prosesini öz liderliyində doğru və əmin addımlarla irəli aparır. O, Türkiyənin Azərbaycanın bu addımlarını dəstəklədiyini söyləyib.

Türkiyə xarici işlər naziri görüşdə Suriya, Qəzza zolağı, Ukrayna və Afrika məsələlərinin müzakirə olunduğunu da sözlərinə əlavə edib.