BAKI, 23 may. TELEQRAF
“Qazaxıstanın Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma ikinci mərhələdədir, ekspertlər toplanmış materialları araşdırırlar”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Araşdırma bir neçə mərhələyə bölünüb. Birinci mərhələ müvafiq materialların toplanmasıdır. Bu mərhələ başa çatıb, hazırda davam edən ikinci mərhələ toplanmış materialların tədqiqi ilə əlaqəlidir. Hazırda araşdırma mərhələsindəyik”, - nazir bildirib.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.