TBİLİSİ, 23 may. TELEQRAF

“Avropa İttifaqının Gürcüstana və bu regiona ehtiyacı var”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “İmedi” telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.

Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər fərqli rakurslardan yenilənməlidir.

“Əvvəllər biz Avropa Parlamentinin bu və ya digər deputatının və ya səfirin qərarımızı təsdiq edib-etməməsindən asılı idik. Cəmiyyətimiz artıq yetkinləşib və Gürcüstanda reallıq tam fərqlidir. Ölkəmizdə vəziyyəti dəyişdirməyə cəhdlər oldu və biz dəfələrlə şahid olduq ki, bunu reallaşdırmaq baş tutmadı. Biz bununla bağlı təcrübə topladıq. Onların münasibətini bilirik. Bilirik ki, Makron sabah dönüb əl sıxıb yeni səhifəyə başlayacaq. Münasibətlər mütləq fərqli prizmalardan yenilənməlidir. Biz mövqemizdə qətiyik və maraqlarımıza uyğun hərəkət edirik. Bizi seçən cəmiyyət bunu maraqla müşahidə edir”, - M.Kavelaşvili söyləyib.

O, Gürcüstanın Avropa İttifaqına səmimi və açıq münasibətinin olduğunu qeyd edib.

“Aramızda sağlam proses və konkret məsələlərin müzakirəsi olacaqsa, biz buna açığıq. Lakin əgər sizə bir tərəfdən əməkdaşlıq təklif edib digər tərəfdən sizin üçün inqilablar hazırlayırlarsa, bu spekulyasiyadır”, - prezident əlavə edib.