BAKI, 21 may. TELEQRAF
Sentyabrda Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının növbəti qurultayı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, qurultayda hakim partiyanın yeni idarə heyəti də seçiləcək:
“Əvvəlki idarə heyəti seçkilərinin acı təcrübəsini nəzərə alan Baş nazir Nikol Paşinyan seçicilərin sayını genişləndirmək, bununla da seçkilərin nəticələrini daha idarəolunan etmək niyyətindədir.
Əgər ötən seçkilərdə şura 1000 seçicidən ibarət idisə, bu dəfə 1500-ə qədər artırıla bilər. Baş nazir hesab edir ki, seçicilərin sayı nə qədər çox olarsa, seçki saxtakarlığı ehtimalı da bir o qədər az və liderin rəyi bir o qədər təsirli olar. Keçən dəfə bir qrup partiya üzvü, xüsusilə müdafiə naziri Suren Papikyanın yaxın adamları qurultaya və səslərin hesablanmasına təsir göstərmişdi.
Nikol Paşinyan üçün vacibdir ki, administrasiya onun tərəfindən idarə olunsun və heç kimin ondan böyük təsirə malik olmasın.
Partiyanın daxili nizamnaməsinə uyğun olaraq, növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə, qurultay parlamentə təqdim olunacaq seçkiqabağı siyahı üzrə ilk 30 namizədi də seçəcək. Yəni “Vətəndaş Müqaviləsi”nin 30 namizədinin adı sentyabrda açıqlanacaq”.
“Hraparak” Nikol Paşinyanın erkən parlament seçkilərinə gedəcəyini istisna etmir.
Növbədənkənar seçkilər olmasa, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin yayında olacaq.