
BAKI, 20 may. TELEQRAF
Ermənistan hökumətinin sabiq xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan keçmiş rəhbəri, Baş nazir Nikol Paşinyana etimadsızlıq prosesində (impiçment) əsas rolu öz üzərinə götürmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.
“Edmon Marukyan baş nazirliyə namizəd kimi hakim “Vətəndaş Müqaviləsi” Partiyasından ayrılan Ovik Ağazaryan və Akop Aslanyanın yaratdığı Vahid Milli Konstitusiya Partiyası tərəfindən irəli sürüləcək. Hakim partiyanın keçmiş deputatları sabiq prezident Serj Sərkisyan, “Veto” hərəkatının rəhbəri Narek Malyan və keçmiş səfir Edqar Qazaryanın çağırışına qoşulmaq qərarına gəliblər. Artıq onlar parlamentdəki müxalifət fraksiyalarına müvafiq məktublarla müraciət ediblər, baş nazirə etimadsızlıq nümayiş etdirmək və onu yenisi ilə əvəzləmək prosesinə başlayıblar”, - erməni nəşri yazıb.
Mənbə qeyd edir ki, Serj Sərkisyanın “Şərəfim Var”, Robert Köçəryanın “Ermənistan” fraksiyaları bir neçə gün öncə impiçment prosesinə razılıq versələr də, tərəflər arasında fikir ayrılığı diqqət çəkir. Köçəryanın fraksiyası impiçment üçün əsasların olduğunu bəyan eləsə də, Paşinyanın reytinqinin yüksək olduğu indiki məqamda bunu mümkünsüz hesab edir. “Ermənistan” fraksiyasının bu mövqeyi impiçmentdə israrlı olan “Şərəfim Var” fraksiyası tərəfindən sərt reaksiyalarla qaşılanıb. Təsadüfi deyil ki, Robert Köçəryan dünən yerli KİV-ə müsahibəsində buna toxunaraq, indiki məqamda belə bir təşəbbüsün Nikol Paşinyanın işinə yarayacağını söyləyib. Köçəryan hakimiyyət dəyişikliyinin yolunu seçkilərdə gördüyünü də iddia edib.
Robert Köçəryanın baş nazirliyə iddialı olduğunu başa düşən Serj Sərkisyan isə onu qabaqlamaq üçün məsələni impiçmentlə həll etmək istəyir. Hələlik isə bu cəhdləri nəticə vermir, müxalif qüvvələrdən yekdil dəstək ala bilmir. Xüsusən də keçmiş müttəfiqi Robert Köçəryandan...
“Haykakan Jamanak” Paşinyanı yola salmaq üçün impiçmentin o qədər də uğurlu üsul olmadığını anlayan radikal müxalifətin bütün ümidini gələn il keçiriləcək parlament seçkilərinə bağladığını vurğulayıb.