TBİLİSİ, 6 may. TELEQRAF
ABŞ Nümayəndələr Palatası Gürcüstan hakimiyyətinin əleyhinə olan qanun layihəsinə dəstək ifadə edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 349 konqresmen “Megobari Act” adlandırılan sənədin lehinə səs verib, onlardan 168-i respublikaçı, 181-i isə demokratdır.
Qanun layihəsinin əleyhinə isə 42 konqresmen səs verib, daha 42 nəfər isə səsvermədə iştirak etməyib.
Akt Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur. Sənəddə, həmçinin yardım proqramları da daxil olmaqla ABŞ-Gürcüstan münasibətlərinin yenidən dəyərləndirilməsi, gürcü xalqının avroatlantik inteqrasiyasına dəstəyin tanınması, “Gürcü Arzusu” partiyasının nümayəndələrinə qarşı sanksiyaların tətbiqini ABŞ prezidentinin öhdəsinə qoymaq, gürcü xalqı ilə əlaqələri və müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək, Gürcüstanın ərazi bütövlüyü və suvenerliyinə dəstəyin təsdiqlənməsi, vətəndaş cəmiyyətinin dəstəklənməsi müddəaları da yer alıb.
Nümayəndələr Palatasından sonra qanun layihəsinə Senatda baxılmalı və səsverməyə qoyulmalıdır. Hər iki palatanın təsdiqləyəcəyi halda sənəd ABŞ prezidentinə imzalanmağa təqdim olunacaq.
Qeyd edək ki, Tbilisi-Vaşinqton münasibətlərində böhran ötən ilin noyabrından hökm sürür. ABŞ noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Ağ Evin yeni rəhbərliyi Gürcüstanla bağlı mövqeyini rəsmi olaraq hələ açıqlamayıb.