BAKI, 30 aprel. TELEQRAF
Rusiya Prezidenti Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenko və tabeliyində olan şəxslər Kremlin Ermənistan siyasətini koordinasiya edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “Vedomosti” məlumatlı mənbələrə istinadla bildirib.
Rusiya nəşri yazır ki, bu funksiya (kurator) Kiriyenkodan əvvəl Baş Qərargah rəisinin müavini Dmitri Kozak tərəfindən həyata keçirilib.
Kiriyenko bundan əvvəl Abxaziya, Cənubi Osetiya (hər ikisi Gürcüstanın işğal edilmiş bölgəsi - red.), Moldova və Dnestryanı (Moldovanın işğal edilmiş vilayəti - red.) istiqamətləri üzrə məşğul olub.
“Bu mərhələdə Ermənistanla bağlı informasiya xarakterli iş aparılacaq, seçki məsələsi əsas olmayacaq. Ermənistan rəhbərliyi sürətlə Qərbə doğru sürüklənir ki, bu da Rusiyanın dövlət siyasəti baxımından qəbuledilməzdir”, - mənbə “Vedomosti”yə deyib.
Onun sözlərinə görə, hazırda Moskvada Ermənistanla bağlı informasiya gündəmi üzərində iş gedir. Ermənistanda parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin, sosial proseslərin monitorinqi və təhlili şöbəsinin nümayəndəsi Aleksandr Xariçev və ictimai layihələr şöbəsinin nümayəndəsi Sergey Novikovun qarşısında bununla bağlı tapşırıqlar qoyulub.
Mənbə qeyd edir ki, Kiriyenkoya Ermənistanda Rusiyanın maraqlarını təmin etmək üçün yumşaq gücdən istifadə tapşırığı veriləcək: “Onlar Abxaziyadakı son seçkilərdə necə işləyirdilərsə, təxminən eyni şəkildə işləyəcəklər”.
Mənbə bütün hallarda Baş nazir Nikol Paşinyanın növbəti seçkilərdə qalib gələcəyini ehtimal edir: “Amma indi məsələ seçkilər deyil, Rusiyanın orada olmasıdır. Hazırda Ermənistanda Serj Sərkisyan və Robert Köçəryandan başqa rusiyayönlü siyasətçi yoxdur. Ona görə də orada (Ermənistan hökumətində) Rusiyanın adından danışan yoxdur”.