TBİLİSİ, 29 aprel. TELEQRAF
“Cənubi Qafqaz ölkələri bölgədə uzunmüddətli sülhün və sabit inkişafın təmin edilməsi üçün səfərbər olunublar”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İrəvanda gürcü jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstan, Azərbaycan və Ermənistanın iştirak etdiyi üçtərəfli formatda əsas mövzusunun sülh siyasəti olduğunu qeyd edib.
“Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında danışıqlar başa çatdırılıb, bölgəmizdə uzunmüddətli sühün bərqərar olması ilə bağlı sazişin imzalanmasını hamı gözləyir. Ölkə rəhbərləri demək olar eyni fikirdədirlər ki, bizə sabitlik, sülh, iqtisadi inkişaf lazımdır. Daha sonra enerji, turizm, mədəniyyət mövzuları. Bütün bunlar siyasi sabitlikdən irəli gəlir və mən inanıram ki, proses uğurlu olacaq, çünki ölkə rəhbərlərinin hazırlığını görürəm”, - M.Kavelaşvili söyləyib.
Dövlət başçısı bölgədə sülhə alternativin olmadığını vurğulayaraq bildirib ki, əmin-amanlıq şəraitində həm ölkələr, həm də cəmiyyətlər daha uğurlu ola bilərlər.