BAKI, 17 aprel. TELEQRAF

"Gümrünün yeni meri Vardan Qukasyan bildirir ki, Ermənistan Rusiyanın sayəsində mövcuddur. Qukasyan nəinki dəlidir, həm də öz dövləti üçün təhlükəlidir. Əsl narahatlıq o bəyanat deyil, meriyanın zalında gurultulu alqışlardır. Bu alqışlar Ermənistanın minlərlə insanın həyatını, ərazilərini və suverenliyini itirməsi ilə nəticələnə biləcək konkret addımları təsdiqləyir".

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

“Alqışlayanlar Ermənistanın beynəlxalq təcrid vəziyyətinə düşdüyünü, iqtisadi cəhətdən asılılıq bataqlığında boğulduğunu və tranzit ölkəyə çevrilmək imkanını itirdiyinin alqışladıqlarının fərqindədirmi? Bu reaksiyalar sübut edir ki, bizdə yalan, asılılıq, aşağılama ənənəsi dərinə kök salıb.

Bu gün Ermənistan taleyüklü qərarlar qarşısındadır. Keçmişin saxta təhlükəsizliyində yaşayan, təhkimçilik və vassallığın dağıdıcı ideyalarını alqışlayan insanlar anlamalıdırlar ki, bu alqış şəriklik və günahkarlığın alqışıdır. Köhnə yalanlara və faşist Rusiyasının məqsədlərinə hər bir alqış yeni həqiqətə qarşı səssiz razılaşmadır”, - siyasətçi bildirib.

Xatırladaq ki, Ermənistan Kommunist Partiyasının üzvü olan Vardan Qukasyan dünən Gümrü şəhərinin meri seçilib. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir.