BAKI, 17 aprel. TELEQRAF
Ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yoxa çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, o, uzun müddətdir ictimaiyyət qarşısında görünmür, Qarabağ ermənilərinin müraciətlərinə cavab vermir:
“Bütün (separatçı) proseslərdən kənarda qalıb, demək olar ki, heç yerdə görünmür. Hətta Şahramanyan martın 29-da Qarabağ ermənilərinin mitinqində də görünməyib və “Azadlıq” meydanında qurulan çadırlara da baş çəkməyib”.
Separatçılar “Hraparak”a deyiblər ki, bu yaxınlarda onunla kifayət qədər çətin söhbət ediblər və onu laqeydlikdə ittiham ediblər.
İddia edilir ki, gizli fəaliyyətə keçən Şahramanyan ləğv edilmiş qondarma qurumun İrəvandakı fəaliyyətini də birdəfəlik dayandırmaq üzərində çalışır.
“Məlumata görə, Samvel Şahramanyanın bu qəribə davranışı yeni deyil. Şahramanyan Nikol Paşinyan hökuməti tərəfindən onu (və qondarma qurumu) zərərsizləşdirmək tapşırığının verildiyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tərəfindən kurasiya olunur. Abazyanın Şahramanyana nə vəd etdiyini və onu necə nəzarət altında saxladığını söyləmək çətindir”, - məlumatda qeyd olunur.