
BAKI, 14 aprel. TELEQRAF
"Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası və ya Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması ciddi nəticələrə səbəb ola bilər".
Teleqraf xəbər verir ki, bunu erməni iş adamı Samvel Karapetyan deyib.
Onun sözlərinə görə, Ermənistanın AİB-ə üzvlüyü və Rusiya ilə əlaqələri ölkənin mövcudluğunda əsas rolu oynayır:
“Mövcud rəqəmlər açıq şəkildə göstərir ki, AİB Ermənistanın xarici ticarət dövriyyəsində əsas payı təmin edir. AİB-dən çıxmaq və Avropa İttifaqına inteqrasiya ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər. Bundan əlavə, Rusiya Ermənistanın enerji təhlükəsizliyinin qarantıdır. Bu gün Rusiya Ermənistan iqtisadiyyatı üçün əsas enerji ehtiyatlarının tədarükçüsüdür. Qaz-neft məhsullarını Ermənistana əlverişli şərtlərlə verir.
Ermənistan AİB-dən çıxsa, qiymətlərin və tədarükü tənzimləyən vahid mexanizmlər fəaliyyətini dayandıracaq, bu isə o deməkdir ki, qaz-neft məhsullarının, başqa sözlə, elektrik enerjisinin qiymətinin artması Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər. İqtisadiyyatın ayrı-ayrı sahələrinin iflic vəziyyətinə düşməsinə və ölkənin iqtisadi sistemində sabitliyin pozulmasına gətirib çıxaracaq. Enerji təhlükəsizliyi təkcə iqtisadi məsələ deyil, həm də ölkənin gələcəyinin asılı olduğu strateji amildir”.
Karapetyan Ermənistanın Rusiya investisiyaları və bu ölkədən gələn pullardan da asılı olduğunu xatırladıb.