BAKI, 15 mart. TELEQRAF

Rəsmi Bakı Ermənistandan 1990-cı illərdə ərazilərimizin işğalı zamanı Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin ekstradisiya edilməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Söhbət Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sərkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digər hərbi canilərdən gedir.

“Azərbaycanın artıq razılaşdırılmış sülh müqaviləsindən kənarda da tələbləri var. Söhbət 350 min azərbaycanlının Ermənistana qaytarılması (Qərbi Azərbaycan məsələsi – red.), Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, hərbi cinayətkarların Azərbaycana ekstradisiya edilməsi tələblərindən gedir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən brifinqdə dolayı yolla etiraf edib ki, belə tələblər var və İrəvan bu ilkin tələblərin gecikdirilməməsini təmin etməlidir”, - nəşr bildirir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də jurnalistlərə açıqlamasında Ermənistandakı hərbi canilərin məhkəmə prosesinə cəlb edilməsi ilə bağlı açıqlama verib.

“Ermənistan sülhün təmin olunmasını istəyirsə, Ermənistan məhkəmə (Bakıda davam edən erməni əsilli şəxslərin mühakiməsi prosesi – red.) ilə yaxından əməkdaşlıq etməli, hələ də Ermənistan ərazisində olan, insanlıq əleyhinə cinayət əməlləri və hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da məhkəmə və istintaq prosesinə cəlb olunmasını təmin etməsini həyata keçirməlidir”, - prezidentin köməkçisi vurğulayıb.