BAKI, 7 mart. TELEQRAF

ABŞ hökuməti Ermənistandakı səfiri Kristina Quini dəyişdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, ABŞ-dəki kəskin dəyişikliklər, o cümlədən yeni xarici siyasət doktrinasının hazırlanması kontekstində Dövlət katibi Marko Rubio bütün səfirlərin fəaliyyətlərinin effektivliyinin yoxlanılmasını və onların nə işlə məşğul olduqlarını öyrənmək üçün göstəriş verib:

“Bu kontekstdə xüsusilə maliyyə məsələləri araşdırılacaq. Artıq bu səbəbdən USAID faktiki olaraq, ləğv edilib və onun funksiyaları Dövlət Departamenti tərəfindən həyata keçirilir.

Əksər səfirlər keçmiş hökumət (Co Bayden administrasiyası) tərəfindən təyin olunub. Məsələn, ABŞ-nin Ermənistandakı səfirliyi keçmiş hökumətə birbaşa dəstək verib, bir çox hallarda müəyyən proseslərə göz yumaraq, Bayden administrasiyasının xarici siyasətinin əsas tezislərini həyata keçirib.

Məhz bu səbəbdən təyinatdan bəri hiperaktiv olan Kristina Quin yoxa çıxıb. Donald Tramp seçilməmişdən əvvəl səfir aktiv şəkildə görüşlər keçirir, dövlət idarəçiliyi məsələlərinə müdaxilə edir, hətta bəzi hallarda Nikol Paşinyana göstərişlər verirdi. Səfirin passivliyi onun ipdən asılı olduğunu göstərir”.