BAKI, 1 mart. TELEQRAF

Ermənistan konstitusiyasının dəyişdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir.

Teleqraf xəbər verir ki, bu barədə “Past” yazır.

“Təsadüfi deyil ki, Baş nazir Nikol Paşinyan və hakim “Vətəndaş Müqaviləsi” Partiyası məhz Əliyev bu barədə tələb irəli sürdükdən sonra yeni konstitusiyadan danışmağa başlayıblar”, - erməni nəşri bildirir.

Mənbə qeyd edir ki, İrəvan bu tələblə razılaşıb və Ermənistanın “Müstəqillik Bəyannaməsi”nə istinad bu çərçivədə konstitusiyadan çıxarılacaq: "Nikol Paşinyan hökuməti məsələni yeni konstitusiyanın qəbulu ilə həll etməyə çalışır".

“Past” Ermənistanın hazırkı konstitusiyasında təkcə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yox, qondarma erməni soyqırımına da istinadın olduğuna diqqət çəkir.

“Hökumət Əliyevin tələbini yerinə yetirmək üçün mövcud konstitusiyanı tamamilə ləğv etmək və onu yenisi ilə əvəzləmək niyyətindədir. Yeni konstitusiyanı sıfırdan yazılır. Artıq Baş nazir Paşinyan buna “yaşıl işıq” yandırıb”, - məqalədə deyilir.

Xatırladaq ki, Ermənistan ədliyyət naziri Srbuhi Qalyan ötən həftə yeni konstitusiyanın mətninin hazırlandığını, 2026-cı ilədək hazır olacağını açıqlayıb. Qalyan ərazi iddialarının yer aldığı “Müstəqillik Bəyannaməsi”nə istinadın yeni konstitusiyadan çıxarılacağını istisna etməyib.

Konstitusiya dəyşikliyinə dair referendumun gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra olacağı gözlənilir.