BAKI, 14 sentyabr. TELEQRAF
“Ukraynaya dəstəkdən və Rusiyanın Almaniyaya hibrid hücumları qarşısından bir santimetr belə geri çəkilməyəcəm”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Hökumətim Ukraynanı bu təcavüzə qarşı mübarizəsində dəstəkləmək üçün əlindən gələn hər şeyi etdiyinə dair şübhə yeri qoymaq istəmirəm. Dəstəyimizi qoruyub saxlamaq və insanları bunun maraqlarımıza uyğun olduğuna inandırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm”, - o vurğulayıb.
Merts etiraf edib ki, hazırda Almaniyada və bütün Avropa İttifaqında bu dəstəklə bağlı müzakirələr gedir və ehtiyatlı yanaşmalar mövcuddur:
“Bunu müzakirə edirik və həmişə də eyni nəticəyə gəlirik: bu dəhşətli müharibə başa çatana qədər möhkəm dayanmalıyıq. Rusiya uğur qazansa, bu, Almaniya da daxil olmaqla hamımız üçün gözlənilməz və misli görünməmiş nəticələrə səbəb olacaq. Məhz buna görə mən burada qətiyyətlə və açıq şəkildə mövqeyimi ortaya qoyuram: bir santimetr belə geri çəkilmək istəmirəm. İndi bizim tarixi borcumuz bu ölkənin Avropada sülhü və azadlığı qoruyub saxlamasına kömək etmək üçün əlimizdən gələn hər şeyi etməkdir”.
Kansler əlavə edib ki, Almaniya Rusiyanın hibrid hücumlarından da özünü, infrastrukturunu və ərazi bütövlüyünü qoruyacaq:
“Bunun üçün təhlükəsizlik xidmətləri ilə bağlı qanunlara dəyişikliklər ediləcək. Bu, bütün NATO və Avropa İttifaqı məkanına da aiddir. Bu təcavüz təkcə Ukraynaya qarşı deyil, hamımıza qarşıdır. Biz özümüzü müdafiə etmək qərarı vermişik. Çox güman ki, qarşıda qitəmizin azadlığını və sülhünü qoruyarkən ən həlledici məqamları, həftələri və ya ayları görəcəyik”.