BAKI, 31 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun S-400 “Triumf” zenit-raket kompleksinin komanda-qərargah məntəqəsini və silah anbarlarını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın Bryansk vilayətinin Desnyanski rayonunda radar stansiyası vurulub. Həmçinin həmin vilayətin Plosko-Bukreyevka ərazisində S-400 “Triumf” zenit-raket kompleksinin komanda-qərargah məntəqəsi məhv edilib.

Rusiyanın Belqorod vilayətinin Zimovnoye yaşayış məntəqəsində rabitə qovşağına və Ukraynanın Zaporojye vilayətinin Qulyaypole ərazisində dronların idarəetmə məntəqəsinə zərbələr endirilib.

Rusiya ordusunun maddi-texniki təminat anbarları da hədəfə alınıb. Bu obyektlər işğal altındakı Krım yarımadasının Kir-Baylar, Luqansk vilayətinin Verxnyokamyanka və Rusiyanın Kursk vilayətinin Popovo-Lejaçi yaşayış məntəqələrində yerləşib.