BAKI, 29 iyun. TELEQRAF

Rusiya qüvvələri Ukrayna ordusunun şərqdəki (Donetsk vilayəti) müdafiə xəttinin əsas dayaq məntəqələrindən biri hesab edilən Konstantinivka istiqamətində tədricən irəliləyir. Şəhərin ələ keçirilməsi artıq zaman məsələsidir.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” məlumat yayıb.

Agentlik yazıb ki, döyüşlər artıq şəhərin sərhədlərində gedir, kiçik rus qrupları Konstantinivkanın kənar məhəllələrinə daxil olmağa çalışırlar.

Qeyd edilib ki, şəhərə hücum Rusiyanın canlı qüvvə baxımından üstünlüyünün hələ də qorunduğunu göstərir:

“Bu, Ukraynanın ortamənzilli dronlarla endirdiyi zərbələrin Rusiyanın döyüş imkanlarını müəyyən qədər zəiflətməsinə baxmayaraq belədir. Ortamənzilli zərbələrin təsiri rusları hücum əməliyyatlarını dayandırmağa məcbur edəcək qədər böyük olmayıb. Buna görə də Rusiya arxa cəbhədə getdikcə daha ağır itkilər versə də, ən azı bəzi istiqamətlərdə hücumlarını davam etdirmək imkanını hələ də saxlayır”.

“Reuters” vurğulayıb ki, Konstantinivkanın işğalı Rusiya ordusuna şimal istiqamətində Ukraynanın “qala şəhərləri” - müdafiə xətti boyunca irəliləmək üçün dayaq nöqtəsi verə bilər. Bununla belə, agentliyin fikrincə, belə bir irəliləyişin Rusiya üçün uzunmüddətli və qanlı olacağı, Pokrovsk və Avdivka kimi şəhərlərin ağır mühasirəsi ssenarisini təkrarlaya biləcəyi ehtimal olunur.

Rusiya Prezidenti Vladimir Putin ötən həftə Konstantinivkanı ələ keçirməyə yaxın olduqlarını bəyan etmişdi. Amma Rusiya liderinin iddiasını şişirdilmiş hesab edən Ukraynanın 19-cu Ordu Korpusundan bildirilib ki, şəhər ərazisinə sızmağa nail olan kiçik rus qrupları məhv edilir.

“Donetsk” əməliyyat-taktiki qrupunun komandanı general-mayor Viktor Nikolyukun sözlərinə görə, mövcud müdafiə tempi, şəxsi heyətin sayı və mövcud resurslar əsasında Konstantinivka müdafiəni davam etdirə bilər.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) da hesab edir ki, Ukrayna üçün taktiki vəziyyət pisləşsə də, Rusiya qüvvələrinin irəliləyişi hələlik müdafiənin sürətlə yarılması üçün kifayət etmir. Amma Rusiyanın şəhəri mühasirəyə almaq cəhdləri Ukrayna üçün müdafiənin dəyərini getdikcə artırır.

“Seçim etmək lazım gələcək: ya riskləri artırmaq, ya da geri çəkilmək. Hazırkı vəziyyətdə isə risklər hər gün artır”, - ukraynalı ekspert Ruslan Mikula əlavə edib.

Analitik Emil Kastexelmi isə şəhərin işğalının an məsələsi olduğunu iddia edir.