BAKI, 7 yanvar. TELEQRAF

ABŞ ilk dəfə olaraq Ukraynanın müttəfiqlərindən ibarət geniş koalisiyanı açıq şəkildə dəstəkləyib və Rusiyanın yeni hücumu halında Ukraynaya dəstək öhdəliklərini də əhatə edəcək təhlükəsizlik zəmanətləri verməyə söz verib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Bu vəd əsasən Avropa ölkələrindən ibarət olan və Rusiya ilə mümkün atəşkəsdən sonra Ukraynaya kömək edəcək zəmanətləri gücləndirməyi hədəfləyən “Könüllülər Koalisiyası”nın dünən keçirilən sammitində səsləndirilib.

Koalisiyanın əvvəlki görüşlərindən fərqli olaraq, bu sammitdə ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşner, eləcə də Avropadakı ABŞ qüvvələrinin baş komandanı general Aleksus Qrinkeviç də iştirak edib. Qrinkeviç sammit ərəfəsində Avropa ordularının rəhbərlərinə təhlükəsizlik zəmanətlərinin detalları barədə məlumat verib.

Sammitdən sonra Uitkoff bildirib ki, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik protokollarını qətiyyətlə dəstəkləyir.