BAKI, 29 dekabr. TELEQRAF
“Müharibə ilə bağlı sülh planı sənədlərində Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanəti verilməsi və müddətin uzadılması variantı nəzərdən keçirilir”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.
“Həqiqətən də, indi bu, əbədi deyil. Bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etdim. Ona dedim ki, artıq müharibə gedir və bu, təxminən 15 ildir davam edir. Buna görə də zəmanətlərin daha uzun müddətli olmasını istərdim”, - prezident qeyd edib.
Zelenski əlavə edib ki, Ukrayna 50 ilə qədər müddətə zəmanət almaq istəyir: “Ona dedim ki, 30, 40, 50 illik ehtimalı nəzərdən keçirmək istərdik. Bu, Prezident Trampın tarixi bir qərarı olardı. Prezident bu barədə düşünəcəyini dedi”.
ABŞ və Ukrayna prezidentləri arasında görüş dekabrın 28-də Floridada keçirilib. Donald Tramp bundan əvvəl rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.