BAKI, 27 dekabr. TELEQRAF

“Ukrayna və xalqının qırmızı xətləri var, amma əsas məqsəd mümkün qədər az razılaşdırılmamış məsələ saxlamaqdır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə deyib.

“Şübhəsiz ki, Ukrayna və xalqının qırmızı xətləri var. Əlbəttə, güzəşt təklifləri də mövcuddur. Düşmənin də öz məqsədləri var, Ukrayna onları bilir. Bütün bu məsələlər çox həssasdır - həm ərazi, həm də Zaporojye AES. Mənim mövqeyimi bilirsiniz, hüquqi baxımdan heç nəyi (Rusiya işğalını – red.) heç bir halda tanımayacağıq”, - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, qərarlar qəbul edilməzdən əvvəl xalqla müzakirələr aparılacaq, çünki xalq əsasdır: “Bu, ya ictimai müzakirələr, referendum, ya da qanunvericilik dəyişiklikləri vasitəsilə baş verəcək”.

Volodimir Zelenski xüsusilə təhlükəsizlik zəmanətlərinə diqqət çəkib:

“Ərazi və Zaporojye AES ilə yanaşı, bizim üçün çox vacib olan təhlükəsizlik zəmanəti məsələsi də var. Təhlükəsizlik zəmanəti Ukraynanın qorunmasını təmin etməlidir”.

ABŞ-nin referendum və ya seçkilərlə bağlı məsələ qaldırması ehtimalına gəlincə, Ukrayna lideri əlavə edib ki, bunlar Rusiyanın hücumlarının davam etdiyi vaxtda keçirilməməlidir.