BAKI, 16 dekabr. TELEQRAF
Ukraynada döyüşən serb millətçilərinin sosial media hesablarını araşdıran “The Telegraph” yazır ki, yüzlərlə serb Kosovo və Bosniya-Herseqovinanı “geri almaq” məqsədilə Rusiyanın dəstəyini qazanmaq üçün münaqişə bölgələrinə gedib.
Teleqraf xəbər verir ki, serbiyalı gənclərin Rusiya ordusunun sıralarında muzdlu kimi döyüşdükləri bildirilir.
Qeyd edilir ki, 1992-1995-ci illərdə Bosniya-Herseqovinada, 1998-1999-cu illərdə isə Kosovoda on minlərlə insanın həlak olduğu müharibələrdən sonra bu cür iddialar bölgədə yenidən narahatlıq yarada bilər.
Serb millətçisi Darko Ristiçin sosial media hesabında etdiyi paylaşımlarda Ukraynadakı “missiyalarını” başa vurduqdan sonra serblərin “özlərinə məxsus olanı” geri almaq üçün mübarizə aparacaqları kimi millətçi çağırışlar səsləndirdiyi deyilir.
Məqalədə fikrinə yer verilən analitik Sreçko Latal bildirir ki, Rusiya gənc serblərin millətçi hisslərini hədəfə alaraq onları müharibəyə cəlb edir:
“Bu radikallar arasında geniş yayılmış bir inanc var, onlar hesab edirlər ki, Rusiya bir gün qan borcunu ödəyərək “Böyük Serbiya”nın yenidən qurulmasına kömək edəcək”.
“The Telegraph” həmçinin iddia edir ki, sözügedən serb millətçilərinin sosial media hesabları ciddi sayda izləyici toplayıb.